BAKI, AzerVoice
Şirin su oksigen aclığı yaşayır və bu, qlobal ekoloji böhrana çevrilir.
AzerVoice xəbər verir ki, Utrext Universitetinin rəhbərliyi ilə aparılan və “Science Advances” jurnalında dərc edilən genişmiqyaslı araşdırma şirin su ehtiyatlarının sürətlə oksigen itirdiyini ortaya qoyub. Tədqiqat göstərib ki, 1900-cü illərdən bəri göllər, çaylar və bəndlər insan fəaliyyəti nəticəsində oksigen balansını itirməkdədir və bu proses qlobal miqyasda ekoloji böhranla nəticələnə bilər.
Şirin sularda oksigenin azalması yalnız balıqlar üçün deyil, karbon və azot dövrləri kimi həyati proseslər üçün də təhlükə yaradır. Alimlər bu vəziyyətin hipoksiya – yəni oksigen çatışmazlığına səbəb olduğunu və bunun nəticəsində su ekosistemlərinin pozulduğunu bildirirlər.
Tədqiqatın nəticələrinə görə, şirin su hövzələri artıq atmosferdən oksigeni çəkən “oksigen bataqlıqları”na çevrilib. İllik təxminən 1 milyard ton oksigen bu sistemlər tərəfindən udulur ki, bu da okeanların atmosferə buraxdığı oksigenin yarısına bərabərdir.
Əsas səbəb kimi isə kənd təsərrüfatında gübrə istifadəsi, çirkab suların axıdılması, bəndlər və digər insan fəaliyyətləri göstərilir. İqlim dəyişikliyi bu problemi ağırlaşdırsa da, əsas rolun insan təsirinə aid olduğu vurğulanır.
Qeyd edək ki, mütəxəssislər təcili tədbirlər görülməzsə, şirin su ekosistemlərinin çöküşü qlobal miqyasda ekoloji və sosial təsirlərə səbəb ola bilər.