BAKI, AzerVoice
Antalyanın Belek bölgəsində təşkil edilən Antalya Diplomatiya Forumuna bir çox dünya liderləri ilə yanaşı, Suriya Prezidenti Əhməd Şaranın da iştirak edəcəyi təsdiqlənib.
AzerVoice xəbər verir ki, diplomatik görüşmələrlə zəngin həftə sonu keçirən Antalya, bu il Diplomatiya Forumuna dördüncü dəfə ev sahibliyi edir.
Tədbirə ev sahibliyi edən otellərdə yüksək səviyyəli qonaqların yerləşdirilməsi üçün geniş hazırlıqlar görülüb. Forumun keçirildiyi ərazi və Antalya Hava Limanı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Tədbirdə 20-dən çox dövlət və hökumət başçısı, 50-dən artıq xarici işlər naziri olmaqla ümumilikdə 70-dən çox nazir, təxminən 60 beynəlxalq təşkilat təmsilçisi və 4 mindən çox iştirakçı, o cümlədən tələbələr yer alacaq.
Suriya Prezidenti Əhməd Şaranın da foruma qatılacağı bildirilir. Ədalət və İnkişaf Partiyasının (AK parti) sədr müavini və sözçüsü Ömər Çəlik bir neçə gün əvvəl açıqlamasında Şaranın cümə günü Türkiyəyə səfər edəcəyini və forumda iştirak edəcəyini qeyd etmişdi.
Qeyd edək ki, Şara bu il fevral ayında da Türkiyəyə səfər etmişdi. Bu, onun son aylarda ikinci dəfə Ankaraya diplomatik səfəri olacaq.