BAKI, AzerVoice
Yer orbitində 130 milyondan çox kosmik tullantı var – ESA xəbərdarlıq edir.
AzerVoice xəbər verir ki, Avropa
Kosmik Agentliyi (ESA) 2025-ci il üçün Kosmik Ətraf Mühit
Hesabatını dərc edib.
Hesabata əsasən, Yer orbitindəki kosmik tullantıların sayı sürətlə
artır və artıq təhlükəli səviyyəyə çatıb.
ESA qeyd edir ki, orbitdə aktiv olmayan peyklər və qırılmış hissələrin sayı işlək peyklərin sayını çoxdan üstələyib. Agentlik, bu vəziyyətin "Kessler sindromu" adlanan zəncirvari toqquşmalar təhlükəsini artırdığını vurğulayıb. Belə bir ssenaridə bir obyektin toqquşması daha çox fraqmentə səbəb olur və nəticədə proses öz-özünə davam edir.
Məlumata görə, orbitdə diametri 10 sm-dən böyük olan təxminən 54 min obyekt, 1-10 sm arası təxminən 1,2 milyon fraqment və 1 mm-dən 1 sm-ə qədər olan 130 milyon hissəcik var. Bu fraqmentlər kiçik ölçülərinə baxmayaraq, Beynəlxalq Kosmik Stansiya və Hubble Teleskopu kimi qurğular üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, yalnız 2024-cü ildə baş verən 11 gözlənilməz parçalanma nəticəsində 2600-dən çox yeni zibil fraqmenti yaranıb. Kosmik tullantılar toqquşma, partlayış və ya uzunmüddətli aşınma nəticəsində meydana çıxır və onların orbiti tərk edərək atmosferdə yanmasına heç bir zəmanət yoxdur.
ESA orbitdəki tullantıların aktiv təmizlənməsinin vacibliyini vurğulayaraq bildirir ki, 2023-cü ildən tətbiq olunan yeni beşillik qaydalara 80 faiz uyğunluq əldə olunub. Lakin mütəxəssislər qeyd edir ki, problemə qarşı qlobal əməkdaşlıq olmadan effektiv nəticə əldə etmək mümkün deyil.