BAKI,AzerVoice
Danimarka 2026-cı ildən qadınlar üçün məcburi hərbi xidməti tətbiq edəcək.
AzerVoice xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən etibarən qadınların da məcburi hərbi xidmətə cəlb olunacağını açıqlayıb. Hazırda qadınlar könüllü olaraq hərbi xidmətə gedə bilsə də, yeni qaydalara əsasən, bu xidmət məcburi olacaq. Bununla yanaşı, xidmət müddəti də kişilər və qadınlar üçün 11 aya qədər artırılacaq.
Baş nazir Mette Frederiksen, bu addımın ölkənin müdafiəsini gücləndirmək məqsədi daşıdığını bildirərək, “Biz müharibə istədiyimiz üçün deyil, ondan qorunmaq üçün silahlanırıq” deyib. Danimarka hökuməti NATO tələblərinə uyğun olaraq müdafiə büdcəsini 6 milyard dollar artırmağı planlaşdırır.
Qeyd edək ki, Rusiya Ukrayna müharibəsindən sonra Avropa ölkələrində hərbi xərclər yüksəlib. Danimarka, Norveç və İsveçdən sonra qadınlar üçün məcburi hərbi xidməti tətbiq edən üçüncü Avropa ölkəsi olacaq. Ölkədə hazırda 9 mini peşəkar olmaqla 20 min əsgər xidmət edir.