Əsas səhifə » Avropa ABŞ-sız NATO istəyir

Avropa ABŞ-sız NATO istəyir

BAKI, AzerVoice

Donald Tramp administrasiyasının NATO ilə bağlı təhdidləri Avropa ölkələrini hərəkətə keçirməyə məcbur edib.

AzerVoice xəbər verir ki , Avropa dövlətləri ABŞ-ın NATO-dan çıxmasına qarşı müdafiə sistemini gücləndirmək üçün 5-10 illik keçid planı hazırlayırlar.

ABŞ prezidenti Donald Tramp, NATO üzvü olan Avropa ölkələrinin kifayət qədər maliyyə dəstəyi vermədiyini əsas gətirərək, bu ölkələrdən üz döndərməsi nəticəsində Avropa yeni bir müdafiə strategiyası formalaşdırmağa başlayıb.Məlumata görə, NATO-nun Avropa üzvləri öz qitələrinin müdafiəsini ABŞ-ın rolunu azaltmaqla təşkil etməyə və NATO-nun ABŞ-sız işləyə biləcəyi model yaratmağa çalışırlar.

Bu yaxınlarda Tramp administrasiyasının NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) rolundan geri çəkilmə ehtimalı gündəmə gəlib. NATO-nun ABŞ olmadan fəaliyyətini davam etdirmək üçün Avropa ölkələri yeni komanda strukturu yaratmaq məcburiyyətindədir.

Avropanın müdafiə sistemini gücləndirmək planı, NATO liderlərinin iyun ayında Haaqada keçiriləcək sammitindən əvvəl gündəmə gətiriləcək. Plan çərçivəsində Avropa ölkələrinin müdafiə büdcələrini artırması və hərbi güclərini genişləndirməsi əsas müzakirə mövzularından biridir.

İngiltərə, Fransa, Almaniya və Skandinaviya ölkələri bu yeni NATO modelinin əsas dəstəkçiləri kimi çıxış edirlər. Avropalı liderlər Trampın NATO-dan çıxmaq və ya ittifaqı zəiflətmək təhdidlərini nəzərə alaraq, öz təhlükəsizliklərini təmin etmək üçün yeni strategiyalar hazırlayırlar.

Avropa ölkələri ABŞ-ın nüvə qalxanı və yüksək texnologiyalı hərbi imkanları olmadan öz təhlükəsizliklərini tam təmin etməyin çətin olacağını qəbul edirlər.

Qeyd edək ki, hazırda ABŞ-ın Avropada 80.000 əsgəri var, hava və dəniz qüvvələri isə NATO-nun bir çox bazasına yayılmış vəziyyətdədir. ABŞ-ın Avropadakı hərbi varlığı olmadan NATO-nun əvvəlki gücündə qalmasının çətin olduğu vurğulanır.

Məsələn, ABŞ-ın Avropaya nüvə zəmanəti verməsi, Rusiyaya və digər potensial təhlükələrə qarşı əsas qoruyucu faktor hesab olunur. Lakin Trampın siyasəti nəticəsində ABŞ istənilən vaxt Avropadakı qoşunlarını geri çəkə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice