BAKI,AzerVoice
İtaliyanın Abruzzo bölgəsində yerləşən Penne qəsəbəsində əhalinin azalmasının qarşısını almaq məqsədilə tərk edilmiş evlər 1 avroya satışa çıxarılıb, lakin evləri alan şəxslər müəyyən şərtləri yerinə yetirməlidirlər.
AzerVoice xəbər verir ki, Penne bələdiyyəsi evlərin yeni sahibləri tərəfindən üç il ərzində bərpa olunmasını tələb edir. Bundan əlavə, alıcılar 2.000 - 5.000 avro arasında depozit ödəməlidirlər. Təmir işləri tamamlandıqdan sonra bu məbləğ geri qaytarılacaq.
Penne Bələdiyyə Başçısı Petrucci bildirib ki, bələdiyyə memar və ekspertlərdən ibarət komanda yaradıb. Bu komanda alıcılara təmir prosesində məsləhət verəcək, podratçılarla əlaqə qurmağa kömək edəcək və evlərin bərpadan sonra necə görünəcəyini çertyojlarla göstərəcək. Onun sözlərinə görə, orta ölçülü bir ev üçün əsas təmir xərcləri təxminən 20.000 avro təşkil edir.
Qeyd edək ki, İtaliya daha əvvəl də əhalisinin azaldığı kənd və şəhərlərdə oxşar layihələr həyata keçirib. Bu təşəbbüs sayəsində həm tarixi məkanlar qorunur, həm də bölgəyə yeni sakinlər cəlb olunur.