Əsas səhifə » NASA-nın gecikən missiyası sonda başa çatdı

NASA-nın gecikən missiyası sonda başa çatdı

BAKI,AzerVoice

Beynəlxalq Kosmik Stansiyada (BKS) 9 aydır qapalı qalan NASA astronavtları Butch Wilmore və Suni Williams nəhayət Yerə qayıdıb.

AzerVoice xəbər verir ki, onları daşıyan Dragon kapsulu 17 saatlıq səyahətdən sonra Florida sahillərinə uğurla eniş edib.

NASA enişi canlı yayımlayaraq astronavtların təhlükəsiz şəkildə Yerə dönməsini təsdiqləyib. Wilmore və Williams-la birlikdə NASA astronavtı Nik Heyq və rus kosmonavt Aleksandr Qorbunov da eyni kapsulda Yerə enib.

Williams və Wilmore 5 iyun 2024-cü ildə Boeing-in yeni Starliner kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya bir həftəlik sınaq uçuşu üçün göndərilmişdi. Lakin kapsulda yaranan texniki problemlər onların Yerə qayıdışını 9 ay gecikdirdi. NASA son qərarla Starliner-in boş şəkildə geri dönməsinə və astronavtların SpaceX-in Dragon kapsulu ilə Yerə gətirilməsinə qərar verdi.

Martın 16-da BKS-ə çatan Crew-10 komandası Wilmore və Williams-ı əvəz etmək üçün stansiyaya gəlmişdi. Yeni ekipaj ABŞ, Yaponiya və Rusiya nümayəndələrindən ibarətdir və bir neçə gün ərzində missiya ilə bağlı lazımi təlimlər alıb.

Qeyd edək ki, Starliner kapsulu Boeing-in NASA üçün hazırladığı insan daşıyan yeni nəqliyyat vasitəsidir. Lakin texniki nasazlıqlara görə bu missiya planlaşdırıldığından xeyli gec tamamlandı. Wilmore və Williams bu çətin prosesə baxmayaraq, Beynəlxalq Kosmik Stansiyada elmi təcrübələri davam etdirərək tarixi bir missiyaya imza atıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice