Bakı, AzerVoice
ABŞ Yəməndəki husilərə qarşı hücumlarını davam etdirəcək.
AzerVoice xəbər verir ki, bunu ABŞ Müdafiə Naziri Pit Heqset deyib.
Heqset, husilərin ABŞ-ın gəmilərinə və pilotsuz uçuş aparatlarına hücum etməyi dayandırmadığı müddətcə, bu əməliyyatların amansız şəkildə davam edəcəyini bildirib.
"Husilər, "gəmilərinizə və pilotsuz uçuş aparatlarınıza hücum etməyi dayandırırıq" dedikləri anda bu hücumlar sona çatacaq, amma o vaxta qədər fasiləsiz şəkildə davam edəcək",- deyə o bildirib.
Heqset, ABŞ-ın husilərə qarşı həyata keçirdiyi bu hücumların birbaşa milli maraqları ilə əlaqəli olduğunu iddia edib və İranın uzun müddətdir husiləri dəstəklədiyini vurğulayıb
"Artıq geri çəkilsələr, onlar üçün daha yaxşı olar",- deyə o qeyd edib.
Xatırladaq ki, Tramp dünən Truth Social platformasında verdiyi açıqlamada, Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etmişdi.
Bununla yanaşı, Tramp, İranın husilərə verdiyi dəstəyi dayandırmasını tələb etmişdi.
"Husi terrorçularına verilən dəstək dərhal dayandırılmalıdır. ABŞ xalqını təhdid etməyin. Əgər bunu etsəniz, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyətə cəlb edəcək və sizə qarşı heç də yumşaq davranmayacaq",- deyə Tramp qeyd edib.
Həmçinin xatırladaq ki, ABŞ rəsmi olaraq Husiləri terror təşkilatları siyahısına daxil etmişdi.