Bakı,
AzerVoice
Albaniya hökuməti Çin mənşəli TikTok sosial şəbəkəsini ölkə
daxilində bir il müddətinə qadağan edib.
AzerVoice xəbər verir ki, Albaniya
Elektron və Poçt Rabitə İdarəsi (AKEP) bu gündən etibarən
platformaya girişin bloklanmasını tələb edib.
Milli Kibertəhlükəsizlik Agentliyi (AKSK) Albaniya hökumətinin 2024-cü ilin noyabr ayında qəbul etdiyi qərarın icrası üçün AKEP-ə göstəriş verib və TikTok-un ölkədə istifadəsinin dərhal məhdudlaşdırılmasını istəyib.
Albaniyanın paytaxtı Tirandakı Fan Noli İbtidai məktəbində 14 yaşlı şagird Martin Cani, 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib. İddialara görə, insidentin kökü sosial mediada başlayan mübahisəyə dayanır.
Hadisədən sonra Albaniyanın baş naziri Edi Rama TikTok-un ölkədə bir il müddətinə qadağan ediləcəyini və qərarın 2025-ci ildə qüvvəyə minəcəyini açıqlamışdı. Ötən həftə Nazirlər Şurasının iclasında bu qərar rəsmi olaraq təsdiqlənib.
Qeyd edək ki, TikTok daha əvvəl də bir sıra ölkələrdə təhlükəsizlik və məxfilik narahatlıqları səbəbilə qadağa və məhdudiyyətlərlə üzləşib. Albaniyanın atdığı bu addım sosial media platformalarının gənclərə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.