BAKI,
AzerVoice
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF)
Banqladeşin Koks Bazar qaçqın düşərgələrində 500 mindən çox
Rohingya uşağının 15 faizindən çoxunun ağır qida çatışmazlığından
əziyyət çəkdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, UNICEF-in Banqladeş nümayəndəsi Rana Flowers, BMT-nin Cenevrə ofisində keçirdiyi mətbuat konfransında düşərgələrdə vəziyyətin getdikcə pisləşdiyini bildirib.
Flowers-in sözlərinə görə, 2024-cü ilin musson mövsümü adi haldan bir ay daha uzun çəkib. Bu isə gigiyena şəraitini daha da pisləşdirib, düşərgələrdə epidemiyaların yayılmasına səbəb olub.
BMT rəsmisi xəbərdarlıq edib ki, yardımların azalması ailələri həddindən artıq ümidsizliyə sürükləyəcək və izdihamlı düşərgələrdə gərginliyi və qeyri-sabitliyi artıracaq.
2017-ci ildə Myanmanın Arakan əyalətində baş verən zorakılıqlar nəticəsində Rohingya müsəlmanları Banqladeşə qaçmağa məcbur olub. O dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan düşərgələri ziyarət edərək bu humanitar böhranı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı.
Hazırda Koks Bazar sərhədləri daxilində 1 milyondan çox Rohingya qaçqını 22 düşərgədə çətin şəraitdə yaşamağa məcburdur.