BAKI, AzerVoice
Çinli mühəndislər avtomatik işləyən süni intellekt aləti hazırlayıb.
AzerVoice xəbər verir ki, çinli proqram mühəndisləri
insanlardan asılı olmayan, yəni sərbəst qərarlar qəbul edə bilən
"dünyada ilk" süni intellekt aləti işləyib hazırlayıblar.
"Manus" adlanan bu sünil intellekt vasitəsi insan göstərişlərinə
ehtiyac duymadan mürəkkəb tapşırıqları yerinə yetirə bilir.
ChatGPT, Google-un Gemini və ya Grok kimi chatbotlardan fərqli olaraq, "Manus" insan girişinə ehtiyac duymadan təkbaşına qərarlar qəbul edə və tapşırıqları icra edə bilir. Interesting Engineering-in məlumatına görə, bu qabaqcıl süni intellekt aləti hər hansı bir funksiyanı yerinə yetirmək üçün təlimatları gözləmir.
Məsələn, bir şəxs "Mənə ev tap" deyirsə, "Manus" avtomatik araşdırma aparır, çoxsaylı faktorları qiymətləndirir və fərdi tövsiyələr verə bilir.
"Manus" sadəcə bir süni intellekt modeli deyil, eyni zamanda bir menecer kimi işləyir. Bu ona mürəkkəb və çoxmərhələli iş proseslərini problemsiz idarə etməyə imkan yaradan özəllikdir.
Bundan əlavə, bu AI vasitəsi sinxron işləyir; arxa planda tapşırıqları yerinə yetirir və yalnız nəticələr hazır olduqda istifadəçiləri məlumatlandırır.
"Manus" avtonom süni intellekt alətlərinin yaratdığı imkanlarla yanaşı, bəzi təhlükələrə də yol aça bilər. O, insan işçilərini əvəz etmək potensialına malikdir və bu da gələcəkdə kütləvi işsizliyə səbəb ola bilər.
Digər bir narahatlıq səbəbi də ondan ibarətdir ki, bu AI avtonom olduğu üçün səhv etdikdə, kim cavabdehlik daşıyacaq?