Bakı,AzerVoice
Yaxın zamanda kəşf edilən və 2032-ci ildə Yerə yaxın keçəcəyi gözlənilən asteroidin planetə toqquşma ehtimalı, yeni hesablamalara görə daha da artıb.
NASA-nın 2024 YR4 adlandırdığı asteroid haqqında əvvəlki müşahidələr, 22 dekabr 2032-də Yerə çarpma ehtimalını 1%-dən 2,3%-ə qaldırmışdı. Lakin Livescience-ın məlumatına görə, son hesablamalarda risk 3,1%-ə çatıb.
Buna baxmayaraq, mütəxəssislər hələ də asteroidin Yeri tamamilə kənardan keçmə ehtimalının 96,9% olduğunu vurğulayırlar. Üstəlik, orbit haqqında daha çox məlumat əldə edildikcə toqquşma riskinin tamamilə aradan qalxması mümkündür.
Elm adamlarının 2024 YR4 qarşısında narahatlıq keçirməsi təəccüblü deyil. Çünki bu asteroid son 20 ildən çox müddətdə Yer üçün ən böyük xarici təhlükə sayılır.
Toqquşma ehtimallarını daha dəqiq müəyyən etmək üçün James Webb Kosmik Teleskopunun 2025-ci ilin martında asteroidin dəqiq ölçüsünü müəyyənləşdirməsi planlaşdırılır. Hazırda kosmik qayanın diametri 40-90 metr arasında qiymətləndirilir.
NASA-nın Catalina Sky Survey layihəsindən mühəndis David Rankin və həmkarları, asteroidin Yerlə toqquşma ssenarisində təsirlənəcək bölgələr üzrə bir "risk koridoru" da hazırlayıblar.
Bu koridora görə asteroidin çarpma ehtimalı olan bölgələr Cənubi Amerikanın şimalından başlayaraq Sakit Okeanı keçib Cənubi Asiya, Ərəbistan dənizi və Afrikaya qədər uzanır.
Belə olan halda Hindistan, Pakistan, Banqladeş, Efiopiya, Sudan, Nigeriya, Venesuela, Kolumbiya və Ekvador kimi ölkələr risk altındadır.
Risk koridorunda dünyanın ən sıx əhalisi olan 100 şəhərdən 8-i yerləşir: Boqota, Abican, Laqos, Xartum, Mumbay, Kalkutta və Dakka. Bu şəhərlərin ümumi şəhər əhalisi 110 milyondan çoxdur.
Elm adamlarının topladığı məlumatlar düzgün olarsa, asteroid 1908-ci ildə Yerə çırpılan və Tunguska hadisəsini yaradan göy cismi ilə oxşar ölçüdədir. Bu da toqquşma təsirinin lokal səviyyədə hiss edilə biləcəyini göstərir. Bununla belə, asteroidin təsiri ciddi ziyan vura bilər.
Tunguska hadisəsi insanlıq tarixində qeydə alınmış ən böyük asteroid toqquşmasıdır. Lakin tarixdən əvvəlki dövrlərdə daha böyük toqquşmalar da baş verib. Onlardan ən məşhuru təxminən 66 milyon il əvvəl baş verən və Yer üzərindəki canlıların üçdə ikisinin yox olmasına, dinozavrların isə məhv olmasına səbəb olan Çiksulub hadisəsidir.