Bakı,
AzerVoice
2032-ci ildə Yerə yaxınlaşacaq 2024 YR4 asteroidi ilə bağlı yeni
hesablamalar aparılıb.
AzerVoice xəbər verir ki, NASA
alimləri fevralın 7-də asteroidin Yerlə toqquşma ehtimalını 1,2
faizdən 2,3 faizə yüksəltsələr də, Aya çarpma ehtimalının daha da
aşağı olduğu bildirilib.
Ölçüsü təxminən 55 metr olan 2024 YR4 asteroidi saatda 48 min
kilometr sürətlə hərəkət edir. Bu ölçüdə bir asteroid qlobal
fəlakət yaratmasa da, böyük bir şəhəri tamamilə məhv edə bilər.
Alimlərin hesablamalarına görə, zərbə zamanı təxminən 8 meqaton
enerji açığa çıxacaq ki, bu da Xirosimaya atılan atom bombasının
gücündən 500 dəfə çoxdur.
Arizona Universitetinin əməliyyat mühəndisi David Rankinin
sözlərinə görə, asteroidin Aya düşmə şansı 0,3 faizdir. O, toqquşma
nəticəsində Aydan qopan materialların Yerə düşə biləcəyini, lakin
bunun ciddi təhlükə yaratmayacağını bildirib.
Asteroid Aya çırpılarsa, səthdə təxminən 2 kilometr enində
kraterin yaranacağı gözlənilir. Alimlərin hesablamalarına əsasən,
bu zərbə 340 Xirosima bombasının gücünə bərabər enerji açığa
çıxaracaq və Yerdən aydın şəkildə müşahidə edilə biləcək.
London İmperial Kollecinin planet elmləri professoru Gareth
Collinsin sözlərinə görə, belə bir toqquşma Yer üçün ciddi təhlükə
yaratmayacaq. Aydan qopan materiallar atmosferə daxil olarsa, böyük
ehtimalla yanaraq yox olacaq. O, Ayın tarixi boyu çoxsaylı asteroid
toqquşmalarına məruz qaldığını və bu hadisənin nadir olmadığını
vurğulayıb.
Beynəlxalq alimlər qrupu 2024 YR4 asteroidinin orbitini və ölçüsünü daha dəqiq müəyyən etmək üçün James Webb Kosmik Teleskopundan istifadə edəcək. İndiyə qədər aparılan müşahidələr asteroidin işığını ölçməklə aparılıb, lakin bu üsul qeyri-müəyyən nəticələr verə bilər. JWST isə asteroiddən yayılan istiliyi analiz edərək onun ölçüsü və tərkibi haqqında daha dəqiq məlumat əldə etməyə kömək edəcək.
David Rankin qeyd edib ki, hazırda asteroidin Yerlə toqquşma ehtimalı 97,9 faiz aşağıdır. O, mediada yaranan ajiotajın həqiqi təhlükə ilə mütənasib olmadığını və asteroidin ciddi narahatlıq doğurmadığını vurğulayıb.