Bakı,
AzerVoice
2024-cü ildə dünya milyarderlərinin sərvəti rekord sürətlə artaraq
2 trilyon dollar yüksəlib.
AzerVoice xəbər verir ki, bu barədə
Oxfam inkişaf xeyriyyə təşkilatının Dünya İqtisadi Forumu
ərəfəsində yayımladığı hesabatda əks olunub.
Hesabata əsasən, dünya milyarderlərinin ümumi sərvəti 2024-cü ildə
13 trilyon dollardan 15 trilyon dollara çatıb ki, bu da əvvəlki
illə müqayisədə üç dəfə daha sürətli artım deməkdir.
Milyarderlərin sayı isə ötən illə müqayisədə 204 nəfər artaraq 2769 nəfərə yüksəlib. Orta hesabla, hər milyarderin sərvəti gündə 2 milyon dollar artır. Ən zəngin 10 milyarder isə hər gün əlavə 100 milyon dollar qazanıb.
Hesabatda diqqət çəkilən maraqlı məqamlardan biri, milyarderlərin sərvətinin böyük hissəsinin miras, inhisarçılıq və ya himayəçilik münasibətləri ilə əlaqəli olmasıdır. Belə ki, dünya milyarderlərinin sərvətinin 36 faizi mirasdan, 60 faizi isə qazanılmamış mənbələrdən gəlir. Avropa İttifaqında bu fərq daha da nəzərə çarpır - burada milyarderlərin sərvətinin 75 faizi qazanılmamış mənbələrdən, 69 faizi isə birbaşa mirasdan qaynaqlanır.
Oxfam Avropa İttifaqının vergi eksperti Chiara Butatoro bildirib ki, milyarderlərin sərvətindəki artım adi vətəndaşlarla zənginlər arasındakı uçurumu daha da dərinləşdirir. O, Aİ liderlərini miras daxil olmaqla, varlıların sərvətinə daha yüksək vergilər tətbiq etməyə çağırıb.
Bu dövrdə isə yoxsulluq səviyyəsinin 1990-cı illərdən bəri dəyişməz qaldığı və aclıq çəkən insanların sayının artdığı vurğulanıb. Oxfam proqnozlaşdırır ki, qarşıdakı on ildə dünyanın sərvəti trilyon dollara çatan ən azı beş milyarderi olacaq.