Bakı,
AzerVoice
ABŞ-da TikTok-un bağlanmasından bir neçə dəqiqə sonra istifadəçilər
arasında "VPN" (Virtual Özəl Şəbəkə) axtarışları sürətlə artıb.
AzerVoice xəbər verir ki, 170 milyon
istifadəçisi olan TikTok-un qadağan edilməsi ilə platforma ölkədə
fəaliyyətini dayandırıb və proqram mağazalarından yoxa çıxdı.
TikTok, qadağa qüvvəyə mindikdən sonra istifadəçilərə göndərdiyi mesajda qanunun tətbiq olunduğunu bildirərək, yeni seçilmiş prezident Donald Trampın problemi həll etmək üçün platforma ilə əməkdaşlıq edəcəyini qeyd edib. Bildirişdə, "TikTok hazırda əlçatan deyil. Prezident Tramp vəzifəyə gələn kimi bu problemi həll etməyə çalışacaq. Bizi izləyin!" mesajı verilib.
Həmçinin, TikTok-un ana şirkəti ByteDance-ə məxsus digər tətbiqlər, o cümlədən CapCut və Lemon8 də ABŞ-da istifadəyə bağlanıb və tətbiq mağazalarından çıxarılıb.
Google Trends məlumatlarına görə, qadağadan sonra ABŞ istifadəçiləri VPN-lərə maraq göstərərək axtarışlarını artırıblar. VPN-lər istifadəçilərə cihazlarının yerini dəyişmək, başqa bir ölkədən internetə qoşulmuş kimi görünmək və məxfiliklərini qorumaq imkanı yaradır.
NordVPN kimi populyar VPN xidmətləri qadağa sonrası artan tələbat səbəbindən müvəqqəti texniki çətinliklər yaşadıqlarını açıqlayıb. VPN-lərin istifadəsi ilə cihazın real IP ünvanı gizlədilir və internet trafiki fərqli serverlər vasitəsilə yönləndirilir. Bu texnologiya jurnalistlər, məlumat yayımçıları və onlayn məxfiliyini qorumaq istəyən istifadəçilər üçün də xüsusilə əhəmiyyətli vasitədir.