Bakı, AzerVoice
Çin sosial şəbəkə tətbiqi TikTok, Amerika şirkətinə satılmadığı təqdirdə, onu qadağan edən qanuna əsasən ABŞ-da qadağan edilib.
AzerVoice xəbər verir ki, Amerika ictimaiyyəti arasında uzun müddətdir mübahisələrə səbəb olan TikTok, qadağanın yanvarın 19-da başlamasına bir neçə saat qalmış ABŞ-da rəsmi olaraq bloklanıb.
ABŞ-da 170 milyondan çox istifadəçisi olan TikTok-a daxil olmağa çalışan istifadəçilər "Üzr istəyirik, TikTok hazırda əlçatan deyil. ABŞ-da TikTok-u qadağan edən qanun qüvvəyə minib. Təəssüf ki, TikTok-dan istifadə edə bilməzsiniz" mesajı ilə qarşılaşıb.
TikTok mesajında, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qadağaya həll yolu tapmaq üçün çalışdığını bildirib.
ABŞ-ın yeni seçilmiş prezidenti Tramp isə TikTok-a müvafiq qanuna əməl etmək və qadağadan qaçmaq üçün əlavə 90 gün vaxt verməyi nəzərdən keçirdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi cümə günü Çin sosial şəbəkə platforması olan TikTok-un satılmaması halında ABŞ-da fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.
Qərara görə, qanunun qüvvəyə mindiyi 19 yanvar tarixinə qədər sosial media proqramı satılmazsa, o, Google və Apple kimi platformalardan silinəcək, proqramın həmin tarixdən sonra telefonlara və planşetlərə yüklənməsinin qarşısı alınacaq.