Bakı, AzerVoice
Süni intellekt vasitəsilə təbiətdə mövcud olmayan zülalların
yaradılması, ilan sancmalarına qarşı mübarizədə əhəmiyyətli bir
irəliləyiş vəd edir.
AzerVoice xəbər verir ki, 2024-cü il
kimya üzrə Nobel mükafatçısı Prof. Dr. Devid Beykerin rəhbərlik
etdiyi tədqiqatçılar, ölümcül ilan zəhərinin təsirini
zərərsizləşdirmək üçün yeni texnologiyalar hazırlayıblar.
Beynəlxalq komanda, ilan zəhərlərində tapılan və mövcud antidotlara müqavimət göstərən "üç barmaqlı toksinlər" adlanan xüsusi zülallara qarşı mübarizə aparıb. Süni intellektlə hazırlanmış yeni molekulları siçanlar üzərində sınaqdan keçirən tədqiqatçılar, heyvanların 80-100 faiz sağ qaldığını müşahidə ediblər.
Prof. Dr. Beyker bildirib ki, bu zülalların süni intellektlə yaradılması prosesi kəşf müddətini xeyli sürətləndirib.
Məqalənin müəlliflərindən Timothy Patrick Jenkins bildirib ki, bu zülallar, mövcud antikorlardan daha çevik və təsirlidir.
Yeni müalicə üsulu bütün ilan zəhərlərinə qarşı tətbiq edilə bilməz, çünki ilan zəhərlərinin tərkibi fərqlidir. Buna baxmayaraq, süni intellektin bu prosesdə rolu, zəhərin tərkibinin öyrənilməsi və uyğun zülalların hazırlanmasında böyük irəliləyiş təmin edə bilər.
Dioqo Martins isə qeyd edib ki, bu yanaşma hələ erkən mərhələdədir, lakin potensial olaraq ilan sancmalarına qarşı qlobal səviyyədə inqilab yarada bilər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilan sancmaları hər il 2 milyondan çox insana təsir edir və ən azı 100 min insanın ölümünə səbəb olur. Bu texnologiya, xüsusilə Afrika və Asiyanın aşağı gəlirli bölgələrində müalicəni daha əlçatan və təsirli edə bilər.