Əsas səhifə » ABŞ polisi üz tanıma texnologiyasında ciddi səhvlərə yol verir

ABŞ polisi üz tanıma texnologiyasında ciddi səhvlərə yol verir

Bakı, AzerVoice

ABŞ polisi daha dərindən araşdırma aparmadan və digər sübutları nəzərə almadan sırf üz tanıma texnologiyasının verdiyi nəticələrə əsaslanaraq vətəndaşları saxlayır, bu isə bir sıra haqsız həbs hallarına yol açır.

AzerVoice xəbər verir ki , Washington Post (WP) qəzetinin 23 polis idarəsi üzrə apardığı təhlilə görə, 12 ştatda 15 hüquq-mühafizə orqanı üz tanıma texnologiyasından istifadə edərək lazımi sübutlar olmadan şübhəli şəxsləri həbs edib. Bu hallarda isə ən azı 8 nəfərin haqsız yerə həbs edildiyi təsdiqlənib.

Araşdırmada qeyd olunur ki, polis idarələrinin çoxu üz tanıma sistemlərinin istifadəsi ilə bağlı dəqiq qeydlər aparmır.

WP qeyd edir ki, bəzi hallarda polis, barmaq izləri və ya DNT testi kimi daha dəqiq təsdiq metodlarına müraciət etmədən, yalnız üz tanıma texnologiyasına əsaslanaraq hərəkət edir.

Polis tərəfindən edilən səhvlərin əksəriyyətində şübhəlilərin alibiləri araşdırılmayıb və ya bu alibilərə məhəl qoyulmayıb.

Bundan əlavə, şahid ifadələrinin səhv götürüldüyü, şübhəlilərin fiziki xüsusiyyətlərinin nəzərə alınmadığı və hadisə yerindən mühüm sübutların toplanmadığı vurğulanıb.

WP bildirir ki, ABŞ polisi 6 yanvar 2021-ci ildə Kapitola hücum da daxil olmaqla, bir çox mürəkkəb işi həll etmək üçün üz tanıma texnologiyasından istifadə edib. Lakin bu texnologiyanın real həyatda necə işləməsi ilə bağlı adekvat sınaqlar aparılmayıb.

Qeyd edək ki, üz tanıma texnologiyaları laboratoriya şəraitində demək olar ki, mükəmməl nəticələr verir. Lakin real həyatda bu texnologiyanın nəticələri daha qeyri-dəqiq olur və polis idarələri bu problemləri nəzərə almadan ondan istifadə etməyə davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice