Əsas səhifə » ABŞ və Yaponiya kosmik gəmiləri SpaceX ilə kosmosa göndərilib

ABŞ və Yaponiya kosmik gəmiləri SpaceX ilə kosmosa göndərilib

Bakı, AzerVoice

Kosmik Nəqliyyat şirkəti olan SpaceX, ABŞ və Yaponiya şirkətlərinə məxsus iki kosmik gəmini Aya göndərmək üçün Falcon 9 raketini buraxıb.

AzerVoice xəbər verir ki, missiya çərçivəsində “Firefly Aerospace” və “Ispace” şirkətləri Ayın səthi və resursları üzərində tədqiqatlar aparmaq niyyətindədirlər.

Belə ki, ABŞ-ın “Firefly Aerospace” şirkəti tərəfindən hazırlanan “Blue Ghost” kosmik gəmisi Ayda bir neçə elmi araşdırma aparacaq. Bu missiya çərçivəsində ay tozunun toplanması,səthin temperaturunun ölçülməsi kimi ümumilikdə 10 eksperimentin keçirilməsi planlaşdırılır.

Yaponiyanın “Ispace” şirkətinin “Resilience” adlı kosmik gəmisi isə Aya ikinci eniş cəhdini edəcək. Şirkət əvvəlki missiyada isə Ayın səthinə enərkən qəzaya uğramışdı. Bu dəfə ay tozu və qayaların nümunələrinin toplanması və Ayda qida və su mənbələrinin araşdırılması nəzərdə tutulub.

“Blue Ghost” kosmik gəmisi martın əvvəlində Mare Krizium adlı vulkanik düzənliyə enməyi hədəfləyir. “Resilience” kosmik gəmisi isə mayın sonu və ya iyunun əvvəlində Mare Friqoris adlı bölgəyə eniş edəcək. Missiyanın 4-5 ay davam etməsi gözlənilir.

Qeyd edək ki, Yaponiyanın “Hakuto-R” Mission-1 adlı kosmik gəmisi 2022-ci ilin dekabrında SpaceX-in Falcon 9 raketi ilə Aya göndərilmişdi. Lakin eniş zamanı idarəetmə mərkəzi ilə əlaqə kəsilmiş və kosmik gəminin qəzaya uğradığı ehtimal olunmuşdu.

Digər Kateqoriyalar

2025 © Azervoice