Bakı,
AzerVoice
Tesla avtomobillərinin uzaqdan idarə edilməsinə imkan verən “Ağıllı
Çağırış” funksiyası ilə bağlı qəza xəbərlərindən sonra təxminən 2,6
milyon avtomobilin yoxlanılması üçün araşdırma başladılacaq.
AzerVoice xəbər verir ki, bu barədə
ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi
(NHTSA) açıqlama verib.
NHTSA-dan verilən məlumata görə, bu xüsusiyyət Tesla istifadəçilərinə telefon tətbiqi vasitəsilə avtomobillərini müəyyən bir yerə yönəltməyə imkan verir. Lakin bəzi hallarda sistemin park edilmiş avtomobilləri və ya dirəkləri aşkar etməməsi səbəbindən qəzalar baş verib.
Məlumatda qeyd edilib ki, bu xüsusiyyətə görə üç qəza ilə bağlı şikayətlər araşdırılıb və həmin qəzaların hamısında “ Ağıllı Çağırış” funksiyasının ətrafdakı maneələri vaxtında aşkar edə bilmədiyi müəyyən edilib.
NHTSA-nın açıqlamasında, qəzaların qarşısını almaq üçün istifadəçilərin telefon vasitəsilə avtomobilin hərəkətini dayandırmaq cəhdlərinin reaksiya müddətinin kifayət qədər olmaması barədə də iddialar yer alıb.
Araşdırma çərçivəsində 2016-2025-ci illərin Model S, 2017-2025-ci illərin Model 3 və 2020-2025-ci illərin Model Y avtomobilləri müayinə ediləcək. Ümumilikdə təxminən 2 milyon 585 min Tesla avtomobili yoxlanılacaq.
NHTSA bu araşdırmanın Tesla-nın təhlükəsizlik standartlarına uyğun olub-olmamasını müəyyən etmək və potensial risklərin qarşısını almaq məqsədi daşıdığını vurğulayıb.