Əsas səhifə » Kosmosda qalan astronavtların Yerə qayıtması təxirə salınıb

Kosmosda qalan astronavtların Yerə qayıtması təxirə salınıb

Bakı, AzerVoice

Aylardır Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan iki ABŞ astronavtının Yerə dönüşünün ən tez 2025-ci ilin martına kimi təxirə salınıb.

AzerVoice xəbər verir ki, bu barədə NASA -dan açıqlama verilib.

İyun ayında Boeing-in Starliner kosmik gəmisi ilə BKS-ə çatan təcrübəli astronavtlar Butch Wilmore və Suni Williams stansiyada cəmi səkkiz gün qalmağı planlaşdırırdılar. Lakin Starliner-in hərəkət sistemindəki problemlər səbəbindən NASA geri dönüş planlarını dəyişdirmək məcburiyyətində qalıb.

Uğursuz sınaqların ardından NASA, Starliner-i ekipajsız şəkildə Yerə qaytarmağa qərar verib. Wilmore və Williamsın Yerə dönüşü isə SpaceX-in Crew-9 missiyası çərçivəsində həyata keçirilməlsi nəzərdə tutulmuşdu.

Crew-9 komandası sentyabr ayında Dragon kosmik gəmisi ilə BKS-ə gəlib və Wilmore ilə Williams üçün iki boş yer təmin edib. Əvvəlki plana əsasən, dörd astronavt 2025-ci ilin fevralında Yerə qayıtmalı idi.

Lakin NASA Crew-10 missiyasının başlanmasını ən tez 2025-ci ilin martına təxirə saldığını açıqlayıb. Bu dəyişiklik, Wilmore və Williamsın Crew-9 komandası ilə birlikdə “təslim prosesi” üçün BKS-də daha uzun müddət qalacağı anlamına gəlir.

Nəticədə, Wilmore və Williams üçün əvvəlcə planlaşdırılmış səkkiz günlük missiya, doqquz aydan çox uzanmış olacaq.

Qeyd edək ki, SpaceX, Elon Musk-ın rəhbərliyi altında, BKS komandalarının müntəzəm dəyişdirilməsi üçün hər altı aydan bir uçuşlar həyata keçirir.

Digər Kateqoriyalar

2025 © Azervoice