Bakı, AzerVoice
ABŞ NATO-nun kosmosdakı imkanlarını gücləndirmək və alyans daxilində müvafiq struktur yaratmaq üzərində çalışır.
AzerVoice xəbər verir ,bu barədə Kosmik Əməliyyatlar Komandanlığının rəhbəri, general Bredli Şans Salzman məlumat verib.
General Salzman qeyd edib ki, yaradılması planlaşdırılan struktur qlobal miqyasda fəaliyyət göstərəcək. Bunun üçün işçi qruplar səviyyəsində erkən müzakirələrə başlanmalı və bu strukturun fəaliyyət göstərməsi üçün mövcud olan və ehtiyac duyulan resurslar müəyyən edilməlidir.
NATO komandanlığının kosmos sahəsində geriliyi tanıdığını vurğulayan general bildirib: "Onlar artıq müxtəlif məkanlarda əməliyyatlar haqqında düşünürlər və kosmosu geridə qalan sahələrdən biri hesab edirlər."
Salzman əlavə edib ki, ABŞ kosmos missiyalarına aid xərclərin NATO müttəfiqləri arasında bölüşdürülməsini müzakirə edir. O bildirib ki, ABŞ əhəmiyyətli kosmik büdcəyə malik olsa da, ehtiyac duyduğu bütün resursları təkbaşına təmin edə bilmir.