Bakı, AzerVoice
Suriya Ərəb Respublikasının Rusiyadakı səfirliyi Bəşər Əsədin Moskvada olduğunu təsdiqləyib.
AzerVoice bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
"Bəli, o, hazırda Moskvadadır", - diplomatik nümayəndəlikdən bildirilib.
Bununla belə, səfirlik Əsədlə birbaşa əlaqələrinin olmadığını qeyd edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatına əsasən, Bəşər Əsəd prezident postunu tərk edərək ölkəni dinc yolla hakimiyyətin ötürülməsi üçün tərk edib. Daha sonra Kremlin mənbələri Əsədin ailəsi ilə birlikdə Moskvaya gəldiyini və Rusiyanın ona sığınacaq verdiyini bildiriblər.
Qeyd edək ki, 27 noyabr tarixində "Hayat Təhrir əş-Şam" qruplaşmasının rəhbərliyi altında üsyançılar İdlib vilayətindən hücuma keçmiş, bir neçə gün ərzində İdlib və Hələb vilayətlərini tam nəzarətə almışdılar. 5 dekabrda Suriya ordusu Hama şəhərini tərk etmiş, 6 dekabrda isə Suriya Demokratik Qüvvələri Deyr-əz-Zor şəhərini ələ keçirmişdi. Dekabrın 8-nə keçən gecə anti-hökumət qüvvələri Dəməşqə daxil olmuş və Prezident Bəşər Əsəd paytaxtı təyyarə ilə tərk etmişdi.