Bakı, AzerVoice
Dünyada artan müharibələr və regional gərginlik böyük silah şirkətlərinin satışını da artırıb.
AzerVoice xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu gün açıqladığı hesabatda Ukrayna, Qəzza və Asiyada davam edən müharibə və gərginliklərin böyük silah şirkətlərinin satışlarını artırdığı qeyd olunub.
SIPRI-nin məlumatına görə, dünyanın ən böyük 100 silah şirkətinin ümumi satışları və hərbi xidmət gəlirləri ötən il 4,2% artaraq 632 milyard dollara çatıb. Artan tələbat nəticəsində 100 şirkətin hər biri ilk dəfə 1 milyard dollardan çox satış həyata keçirib.
SIPRI-nin tədqiqatçısı Lorenzo Skarazato, 2023-cü ildə silah satışlarının ciddi artış göstərdiyini və bu tendensiyanın 2024-cü ildə də davam edəcəyini bildirib.
Kiçik istehsalçıların Qəzza, Ukrayna və Şərqi Asiyadakı münaqişələrdən irəli gələn tələbatı daha effektiv qarşıladığı bildirilir.
ABŞ silah şirkətləri, 2023-cü ildə satışlarını 2,5% artıraraq, dünya silah gəlirlərinin yarısını təmsil etməyə davam edib. Lakin dünyanın ən böyük iki silah istehsalçısı Lockheed Martin (-1,6%) və RTX (-1,3%) satışlarında azalma ilə üzləşib. SIPRI bu azalmaların əsas səbəbini mürəkkəb təchizat zəncirlərindəki problemlər kimi göstərib.
Hesabata görə, münaqişələrin davam etdiyi regionlardakı yeni silahlanma proqramları və artan gərginliklər yaxın gələcəkdə də silah sənayesinin sürətli inkişafını təmin edəcək. SIPRI-nin məlumatları göstərir ki, dünya silah bazarı yalnız böyüyən tələbi deyil, həm də istehsalın miqyasını artırmaqla gələcək dövrə hazırlaşır.