Əsas səhifə » Starbucks-ın dünya üzrə satışları azalmaqdadır

Starbucks-ın dünya üzrə satışları azalmaqdadır

Bakı, AzerVoice

ABŞ-ın məşhur kofe şəbəkəsi Starbucks-ın qlobal satışları iyul-sentyabr ayları dövründə ABŞ və Çindəki aşağı tələb səbəbilə tam 7 faiz azalıb.

AzerVoice xəbər verir ki, Starbucks, 29 sentyabrda başa çatan dördüncü maliyyə rübü üçün balans hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin qlobal müqayisəli mağaza satışları bu dövrdə tam 7 faiz azalma göstərib.

Müqayisə olunan mağaza satışları Şimali Amerika və ABŞ-da 6 faiz, beynəlxalq bazarlarda isə 9 faiz düşüb. Çindəki satışlarda isə 14 faizlik azalma müşahidə olunub.

İyul-sentyabr dövründə Starbucks-ın gəliri illik bazda 3 faiz azalaraq 9,1 milyard dollar olub. Şirkətin səhm başına qazancı isə ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 80 sent təşkil edib.

Starbucks-ın maliyyə göstəriciləri 2024-cü ilin tam maliyyə ilində bazar gözləntilərindən aşağı olub. Şirkətin qlobal müqayisə edilə bilən mağaza satışları 2 faiz azalıb. Şimali Amerika və ABŞ bazarlarında satışlar 2 faiz, beynəlxalq bazarlarda 4 faiz, Çində isə 8 faiz azalma göstərib. Şirkətin gəliri isə bu dövrdə cəmi 1 faiz artaraq 36,2 milyard dollar olub.

Starbucks-ın CEO-su Brian Niccol maliyyə nəticələrini dəyərləndirərkən, müştəriləri geri qazanmaq üçün strateji dəyişikliyə getməli olduqlarını qeyd edib və bu məqsədlə şirkətin artım yolunda sürətlə irəliləməyə başladığını bildirib.

Starbucks-ın Baş Maliyyə Direktoru Rachel Ruggeri isə, şirkətin uzunmüddətli böyüməyə geri dönəcəyinə inandığını açıqlayıb. Lakin, İsrailin Qəzzaya hücumları səbəbindən ortaya çıxan etirazlar və boykot kampaniyaları Starbucks-ın son üç rübdə maliyyə nəticələrinə mənfi təsir göstərib. Xüsusilə Yaxın Şərqdəki mağazalarındakı satışların azalması ilə əlaqədar olaraq, Starbucks keçən ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu aşağı salmışdı.

Qeyd edək ki, Yanvar-mart dövründə şirkətin gəliri 2 faiz, qlobal satışları isə 4 faiz azalmış və 2020-ci ilin sonundan bəri ilk dəfə bu qədər azalma qeydə alınmışdı. Eyni zamanda, aprel-iyun dövründə qlobal satışlarda da 3 faiz azalma halı bildirilmişdir.

Digər Kateqoriyalar

2024 © Azervoice