Əsas səhifə » Rusiyadan Google-a astronomik miqdarda cərimə

Rusiyadan Google-a astronomik miqdarda cərimə

Bakı, AzerVoice

Rusiya məhkəməsi Google-u Rusiya media kanallarının məzmununu blokladığına görə şirkətə təxminən 20 desilyon dollar məbləğində astronomik cərimə ödəməyə məcbur edib.

AzerVoice xəbər verir ki, sözügedən cərimə 2020-ci ildə Rusiyanın ultra-millətçi kanalı Tsargrad-ın ABŞ sanksiyaları səbəbindən YouTube-a qadağa qoyulmasından sonra başlayan dörd illik hüquqi prosesdən sonra hesablanıb.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, xüsusilə 2022-ci ildə, bir çox rus media kanalı, o cümlədən Müdafiə Nazirliyinə bağlı "Zvezda" kanalı, YouTube platformasında məhdudlaşdırılıb. Nəticədə, 17 media təşkilatı Google-a qarşı məhkəmə iddiası qaldırıb. Rusiya məhkəməsi Google-u bu silinmiş kanalları YouTube platformasında bərpa etməyə məcbur edib və hər gün üçün 100 min rubl (təxminən 1025 dollar) cərimə kəsib.

Bu cərimə məbləği hər gün artaraq, zamanla astronomik rəqəmlərə çatıb. Məlumatlara görə, cərimənin ümumi məbləği təxminən 20 desilyon dollar təşkil edib.

Bu məbləğ isə, Dünya Bankının qlobal ÜDM-in təxminlərindən az qala milyonlarla dəfə çoxdur.

Google, 2022-ci ildən Rusiyada faktiki olaraq fəaliyyətini dayandırıb və ölkədəki bank hesablarına həbs qoyulduqdan sonra müflis olduğunu elan edib. Şirkətin işçilərinin bəziləri başqa ölkələrə köçsə də, bir qismi ixtisar edilib.

Rusiya, Google-un aktivlərini ələ keçirmək üçün mübarizə aparsa da, hələlik ciddi irəliləyiş əldə etməyib. Alphabet-in son qazanc hesabatına görə, "Rusiyanın məhkəmə çəkişməsi şirkətə ciddi maddi təsir göstərməyəcək".

Googledan məsələyə dair hələ ki, bir açıqlama verilməyib.

Qeyd edək ki, Rusiyada məhkəmələr son illərdə Google şirkətinə qarşı bir neçə cərimə qərarı çıxarıb. Bu cərimələr əsasən, Google-un Rusiya qanunvericiliyinin tələblərinə əməl etməməsi, o cümlədən qadağan olunmuş məzmunu silməməsi və rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamağı təmin etməməsi səbəbindən tətbiq edilib.

Digər Kateqoriyalar

2024 © Azervoice