BAKI, AzerVoice
İran Xarici İşlər Naziri Seyid Abbas Araqçi, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla Romada keçirilən danışıqlarda Tehranın nüvə proqramı üzrə müvəqqəti sazişin imzalanmasını təklif edib.
AzerVoice xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Məlumatına görə, Araqçi bildirib ki, ABŞ tərəfindən təklif edilən 60 günlük müddət ərzində yekun nüvə sazişinə nail olmaq çətin olacaq, çünki razılaşmanın texniki detallarının üzərində geniş işlənməlidir. Bu səbəbdən o, müvəqqəti bir sazişin imzalanmasını təklif edib.
Stiven Uitkoff isə bu mərhələdə müvəqqəti saziş ideyasını müzakirə etmək istəmədiyini deyib. Onun sözlərinə görə, ABŞ-nin məqsədi 60 gün ərzində hərtərəfli razılaşma əldə etməkdir. Bununla belə, Uitkoff bildirib ki, əgər müddətin sonuna yaxın tərəflər vaxtın kifayət etmədiyini hiss etsələr, müvəqqəti saziş məsələsinə yenidən baxıla bilər.
İranın BMT-dəki daimi nümayəndəliyi Axios-un yaydığı bu məlumatı təkzib edib və onu həqiqətə uyğun olmayan kimi qiymətləndirib. ABŞ Dövlət Departamenti isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.