BAKI, AzerVoice
Son bir həftə ərzində ABŞ ordusu Yəmən ərazisinə azı 260 hava zərbəsi endirib.
AzerVoice xəbər verir ki, bu haqda Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatının lideri Əbdül-Malik əl-Husi bildirib.
Əl-Husinin sözlərinə görə, zərbələr əsasən mülki obyektlərə – küçələrə, yollara, bazarlara və hətta qəbiristanlıqlara yönəlib.
Xatırladaq ki, 2023-cü ildə Qəzzada baş vermiş qarşıdurmadan sonra husilər İsraili raketlərlə vuracaqlarını və onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildirmişdilər. Ötən ilin yanvarında atəşkəs elan edilsə də, mart ayında bu razılaşmanın pozulması ilə hücumlar bərpa olunub.
ABŞ Prezidenti Donald Trampın əmri ilə 15 mart tarixindən etibarən ABŞ Silahlı Qüvvələri Yəmənin təxminən üçdə birinə nəzarət edən husilərin mövqelərinə genişmiqyaslı hava zərbələri endirməyə başlayıb.
ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən məlumata görə, bu əməliyyat ABŞ-ın maraqlarını qorumaq və beynəlxalq suların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.