Əsas səhifə » İtaliya Putinə qarşı həbs orderini icra etməyəcək

İtaliya Putinə qarşı həbs orderini icra etməyəcək

BAKI, AzerVoice

İtaliya Ədliyyə Nazirliyi, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinə qarşı 2023-cü ilin mart ayında çıxardığı həbs qərarını icra etməyəcəyini bəyan edib.

AzerVoice xəbər verir ki, 2023-cü il martın 17-də BCM tərəfindən verilən həbs orderi İtaliya Ədliyyə Nazirliyi tərəfindən heç bir rəsmi prosedura yönləndirilmədən, faktiki olaraq rədd edilib.

Yerli media orqanlarının yazdığına görə, sənəd nazirlik daxilində “icra mexanizminə daxil edilməyib” və nəticədə hüquqi qüvvəsi olmayan bir sənədə çevrilib.

Qeyd edək ki, BCM-in həmin qərarı Ukrayna müharibəsi ilə bağlı olaraq mülki şəxslərin, xüsusilə də uşaqların qanunsuz deportasiyası və müharibə cinayətləri ittihamı əsasında çıxarılıb. Lakin bu qərar bir sıra ölkələrdə, o cümlədən İtaliyada hüquqi və siyasi mübahisələr doğurub.

İtaliya hökumətinin bu addımı həm ölkə daxilində, həm də beynəlxalq aləmdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi hüquqşünaslar və beynəlxalq hüquq mütəxəssisləri bu qərarı beynəlxalq hüquqa zidd hesab edərək İtaliyanı BCM qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edirlər. Digər tərəfdən, bəzi siyasi dairələr isə bu addımı İtaliyanın milli maraqlarına uyğun siyasi mövqe kimi dəyərləndirirlər.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev daha əvvəl BCM-nin qərarını tənqid edərək onu “beynəlxalq hüququn prinsiplərinə zidd” adlandırıb və Rusiyanın bu məhkəmənin hüquqi çərçivəsini müəyyən edən Roma Statutundan imtina etdiyini açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice