BAKI, AzerVoice
ABŞ müdafiə nazirinin “Signal” proqramını hökumət kompüterinə endirdiyi iddia olunur
AzerVoice xəbər verir ki, “The
Washington Post” ABŞ Müdafiə naziri Pit Heqsethin Pentaqondakı ofis
kompüterinə “Signal” mesajlaşma tətbiqini yüklədiyini iddia edən
mənbələrə istinadla xəbər yayıb.
Mənbələrə görə, Heqseth bu proqramı mobil telefonuna da
quraşdırıb.
Bildirilir ki, “Signal” vasitəsilə Ağ Ev və digər yüksək rütbəli hökumət rəsmiləri ilə sürətli koordinasiya təmin etmək niyyəti olub. Eyni zamanda, digər Pentaqon əməkdaşlarının da proqramdan istifadə etmək istədikləri, lakin istifadənin miqyasının bəlli olmadığı vurğulanır.
Bəzi mənbələr Hegsethin başqa bir kompüterə də tətbiqi yüklədiyini və mesaj göndərmək üçün istifadə etdiyini bildirib. Hazırda bu addımın ABŞ qanunlarını pozub-pozmadığı məsələsi aydın deyil.
Pentaqonun sözçüsü Şon Parnell isə bildirib ki, Heqseth hökumət kompüterlərində heç vaxt “Signal” tətbiqindən istifadə etməyib.
Qeyd edək ki, “The New York Times”ın yazdığına görə, Heqseth “Signal” üzərindən Yəmən əməliyyatına dair detalları həyat yoldaşı və digər yaxın şəxslərlə bölüşüb. “The Atlantic”in redaktoru Ceffri Qoldberq isə təsadüfən bu qrup mesajlaşmasına əlavə edildiyini, orada müharibə planlarına dair məlumatlar gördüyünü bildirib.
Heqseth isə bu iddiaları rədd edib, Qoldberqin heç bir gizli planı görmədiyini və medianın saxta məlumat yaydığını qeyd edib.