Əsas səhifə » Aİ ABŞ-yə qarşı cavab rüsumlarının tətbiqini nəzərdən keçirir

Aİ ABŞ-yə qarşı cavab rüsumlarının tətbiqini nəzərdən keçirir

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) ABŞ-yə qarşı cavab rüsumlarının tətbiqini və Amerika silahlarının alışının azaldılmasını nəzərdən keçirir.

AzerVoice xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb.

Məlumata görə, Avropa əvvəlcə ABŞ-nin F-35 qırıcıları, Patriot hava hücumundan müdafiə sistemləri, mayeləşdirilmiş təbii qaz və digər ABŞ məhsullarını almağa hazır idi. Lakin Almaniya Bundestaqının deputatı Peter Bayerin sözlərinə görə, bu yanaşma sadəlövhlük idi.

“Əvvəllər düşünürdük ki, ABŞ-ı sakitləşdirmək olar, amma bu strategiya artıq işləmir” - deyə, o qeyd edib.

Bildirilib ki, cavab tədbirləri çərçivəsində Avropa yeni silah tədarük kanallarının yaradılmasını, Avropa müdafiə sənayesinin müstəqilliyinin gücləndirilməsini və “anti-məcburetmə alətinin” (ACI) tətbiqini planlaşdırır. Bu mexanizm vasitəsilə Brüssel ABŞ şirkətlərinin fəaliyyətini məhdudlaşdıra, onların patentlərini ləğv edə, proqram təminatı yeniləmələri və yayım xidmətlərindən gəlir əldə etməsinin qarşısını ala bilər. Bundan əlavə, Almaniya, Fransa və Polşa gələcək müdafiə kontraktlarını ABŞ-dən Avropa istehsalçılarına ötürmə imkanını da müzakirə edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və əraziyə qarşı gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Ümumi 10%-lik rüsumlar aprelin 5-də qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq olunub. Eyni gün Tramp qarşılıqlı prinsip əsasında tətbiq olunmuş əlavə idxal rüsumlarının bəzi ölkələr üzrə 90 gün müddətinə dayandırıldığını da bəyan edib. Bundan başqa, Tramp Çin məhsullarına tətbiq olunan rüsumları 125%-ə qədər yüksəldib. Kanadanın, Çinin və Meksikanın ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizədə yetərsiz səyləri səbəbilə daha əvvəl tətbiq olunmuş 20%-lik əlavə rüsumla birlikdə, hazırda Çin məhsullarına qarşı ümumi rüsum 145%-ə çatıb.

Digər Kateqoriyalar

2025 © Azervoice