BAKI, AzerVoice
Kosta-Rikadakı Poas vulkanı şiddətli püskürmə ilə aktivləşib.
AzerVoice xəbər verir ki, Kosta-Rikada
yerləşən Poas vulkanı güclü püskürmə ilə yenidən aktivləşib.
Kosta Rika Vulkanologiya və Seysmologiya Rəsədxanası (OVSICORI)
bildirib ki, püskürmə təxminən 10 dəqiqə davam edib və əmələ gələn
qaz və kül buludu dəniz səviyyəsindən 4708 metr yüksəkliyə
qalxıb.
Küləklərin təsiri ilə kül buludu geniş əraziyə yayılıb və Zarcero, Grecia, Alajuela, Heredia və San Xose kimi şəhərlərdə müşahidə olunub. Rəsədxana ətraf bölgələrdə seysmik aktivliyin artdığını qeyd edərək, vulkanın gündəlik 600 tondan çox kükürd dioksidi buraxdığını və yeni püskürmələrin baş verə biləcəyini istisna etməyib.
Qeyd edək ki, Poas vulkanı mərkəzi Kosta-Rikada yerləşir və ölkənin ən aktiv vulkanlarından biri hesab olunur. Ətraf əhalidən ehtiyatlı olmaları və rəsmi qurumların xəbərdarlıqlarına əməl etmələri istənilir.