BAKI, AzerVoice
Efiopiyada 10 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir.
AzerVoice xəbər verir ki, BMT-nin
Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Efiopiya üzrə direktoru Zlatan
Milişiç, ölkədə ciddi humanitar böhranın davam etdiyini
açıqlayıb.
Onun sözlərinə görə, münaqişə, iqlim böhranı, iqtisadi
qeyri-sabitlik və köçkünlük səbəbindən Efiopiyada 10 milyondan çox
insan qida çatışmazlığı ilə üz-üzədir.
Milişiç bildirib ki, bu vəziyyət öz evlərini tərk etmək məcburiyyətində qalan 3 milyon insanı da əhatə edir. Xüsusilə 4,4 milyon hamilə qadın və uşaq təcili qida müalicəsinə ehtiyac duyur.
Hazırda ÜƏP ölkədəki 800 min qaçqına, o cümlədən 100 min sudanlıya dəstək verir. Lakin resurs çatışmazlığı səbəbindən bu həftə 650 min qadın və uşaq üçün müalicə proqramlarının dayandırıldığı açıqlanıb.
Milişiç qeyd edib ki, əgər iyun ayına qədər maliyyə təmin olunmasa, 800 min qaçqın üçün ərzaq və pul yardımı da dayandırılacaq. 2025-ci ilə qədər 7,2 milyon insana yardım göstərmək üçün isə ÜƏP-nin sentyabr ayına qədər 222 milyon dollara ehtiyacı var.
Qeyd edək ki, Efiopiyada artan ehtiyaclar fonunda ÜƏP-in cavab tədbirləri ciddi şəkildə maliyyələşdirilmir və bu, milyonlarla insanın həyatı üçün risk yaradır. BMT beynəlxalq donorları təcili dəstəyə çağırır.