Əsas səhifə » Vatikanda Papa Fransiskə vida mərasimi keçirilir

Vatikanda Papa Fransiskə vida mərasimi keçirilir

BAKI, AzerVoice

Papa Fransiskin ölüm səbəbi və vəsiyyəti açıqlanıb.

AzerVoice xəbər verir ki, Vatikan bu səhər 88 yaşında vəfat edən Roma Papası Fransiskin ölüm səbəbini insult, koma və geri dönməz ürək çatışmazlığı kimi açıqlayıb.

Vatikan Dövlətinin Sağlamlıq və Gigiyena Birliyinin direktoru professor Andrea Arcangelinin imzaladığı sənədə əsasən, Papa Fransisk yerli vaxtla saat 07:35-də Santa Marta Qonaqxanasındakı mənzilində dünyasını dəyişib.

Əvvəllər bronxit, polimikroblu pnevmoniya, hipertoniya, diabet və tənəffüs çatışmazlığı kimi ciddi sağlamlıq problemləri ilə üzləşən Papa, mart ayında xəstəxanadan buraxılsa da, vəziyyəti son günlərdə kəskin pisləşmişdi.

Vatikandan verilən açıqlamada, Papa Fransiskin vəsiyyəti də ictimaiyyətlə paylaşılıb. O, Romadakı Müqəddəs Məryəm Maggiore Bazilikasında, yerə düz, sadə və üzərində yalnız "Fransisk" yazılmış qəbir daşının altında dəfn olunmağı arzulayıb.

Axşam saatlarında Müqəddəs Pyotr meydanında Papa Fransiskin xatirəsinə dua mərasimi keçirilib. Meydana toplaşan minlərlə insan Papa Fransiski alqışlarla yad edib.

Eyni zamanda İtaliya Mədəniyyət Nazirliyi Papa Fransiski anmaq üçün Romanın simvolu olan Kolizeyin işıqlarının söndürüldüyünü bildirib.

Qeyd edək ki, Kilsə qaydalarına əsasən, dəfn mərasimi ölümündən 4-6 gün sonra – yəni 25 aprel Cümə və ya 27 aprel Bazar günü keçiriləcək. Yeni Papanın seçilməsi məqsədilə Kardinallar Şurası isə 6-10 may tarixləri arasında ilk dəfə toplanacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice