Əsas səhifə » Şimali Avropa ölkələri NATO-ya alternativ bir hərbi blok yaradır

Şimali Avropa ölkələri NATO-ya alternativ bir hərbi blok yaradır

BAKI, AzerVoice

İsveç, Finlandiya, Danimarka və Norveç təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirərək ABŞ-dan daha az asılı olmaq istəyirlər.

AzerVoice xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat verib.

Məlumata görə, Şimali Avropa ölkələri 2030-cu ilə qədər müdafiə sahəsində əməkdaşlıq sazişi imzalamağa hazırlaşırlar. Bu ölkələr döyüş sursatlarının istehsalı sahəsində əməkdaşlığı da genişləndirmək niyyətindədirlər.

Şimali Avropanın dörd aparıcı dövləti yeni regional təhlükəsizlik arxitekturası yaradır və hərbi resurslarını birləşdirirlər. İsveç sualtı qayıqlar, tanklar və səsdən sürətli qırıcı təyyarələr istehsal edir. Norveç isə Arktikada dəniz müşahidəsi və döyüş əməliyyatları aparmaq üçün hərbi imkanlara malikdir. Finlandiya Avropada daimi fəaliyyət göstərən ən böyük orduya və artilleriyaya sahibdir. Danimarka isə Əfqanıstan və İraqda təcrübə toplamış xüsusi təyinatlı dəstələrə malikdir.

Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Matti Pesu qeyd edib ki, Şimali ölkələrin bloku digər ölkə qrupları üçün model ola bilər.

“Bu, NATO-nun işləmədiyi halda ehtiyat plandır” – deyə, o bildirib.

Xatırladaq ki, 2023-cü ildə İsveç, Finlandiya, Danimarka və Norveç öz hava qüvvələrini birləşdirərək vahid Hərbi Hava Qüvvələri Komandanlığı yaratdılar. Ötən il isə onlar 2030-cu ilə qədər ümumi müdafiə konsepsiyası hazırladılar.

Digər Kateqoriyalar

2025 © Azervoice