BAKI,AzerVoice
İranın dəstəklədiyi Husi qruplaşması, ABŞ-ın Yəmənin paytaxtı Sana şəhərinə təşkil etdiyi hava hücumları nəticəsində azı 12 nəfərin həlak olduğunu, 30 nəfərin isə yaralandığını açıqlayıb.
AzerVoice xəbər verir ki, hücum zamanı Sana şəhərinin Şuub bölgəsində yerləşən Farva bazarı hədəfə alınıb. Husi tərəfinə məxsus əl-Məsirə kanalı bölgədən yayımladığı görüntülərdə avtomobillərin və binaların ciddi zərər gördüyünü, yaralıların isə xəstəxanalara çatdırıldığını nümayiş etdirib.
Hadisə ABŞ-ın son bir ayda Yəməndə həyata keçirdiyi ardıcıl hava əməliyyatlarının davamı olaraq qiymətləndirilir.
Hava hücumları bununla da məhdudlaşmayıb. Bazar ertəsinə qədər davam edən zərbələr Amran, Hudeydə, Marib və Saada vilayətlərini də əhatə edib.
Qeyd edək ki, ABŞ ötən həftə də Ras İsa limanına hava hücumu həyata keçirmiş və bu zərbələr nəticəsində azı 74 nəfər həlak olmuş, 171 nəfər isə yaralanmışdı. Bu, Donald Trampın ötən ay Husilərə qarşı elan etdiyi yeni hərbi əməliyyatların ən qanlı mərhələsi kimi dəyərləndirilir.
Hücumların, ABŞ ilə İran arasında Tehranın nüvə proqramı ilə bağlı Romada yenidən başlayan danışıqlardan dərhal sonra baş verməsi diqqət çəkib.
Vaşinqton, hücumların səbəbi olaraq Husi qruplaşmasının Qırmızı dənizdə beynəlxalq ticarət gəmilərinə və İsrailə qarşı hücumlarını göstərir. ABŞ-ın fikrincə, husilər bölgədə sabitliyi təhdid edən əsas qüvvələrdən biridir.