BAKI,AzerVoice
Vaşinqtonla ikinci qeyri-birbaşa danışıqlar raundundan sonra dünən Tehranda ehtiyatlı və gözləmə ab-havası hökm sürür.
AzerVoice xəbər verir ki, İran hökumətinin sözçüsü Fətimə Məhacirani bildirdi ki, Tehran ona qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasına kömək edə biləcək diplomatik təşəbbüsləri qəbul etməyə hazırdır.
“ABŞ ilə danışıqlar prosesi indiyə qədər müsbət qiymətləndirilə bilər, lakin bu prosesə nə nikbinlik, nə də bədbinliklə yanaşmaq doğru olardı.”- deyə, Məhacirani qeyd etdi.
Digər tərəfdən, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi parlament komitəsinə verdiyi açıqlamada, “İran uranın zənginləşdirilməsi hüququ ilə bağlı heç bir danışıqlar aparmır. Bu məsələ ölkənin qırmızı xətlərindən biridir.”-deyə bildirib.
Bu arada, “İsrail Hayom” saytı Ağ Evə yaxın mənbəyə istinadən xəbər verir ki, ABŞ və İran arasında aparılan danışıqların yaxın vaxtlarda uğursuzluqla nəticələnəcəyi gözlənilir. Səbəb kimi Vaşinqtonun tam şərtlərini – o cümlədən İranın nüvə proqramının ləğvi və raket inkişafının dayandırılmasını – qarşı tərəfə təqdim etməyə hazırlaşması göstərilir.