BAKI, AzerVoice
Tramp Rusiya və Ukraynaya sülh qarşılığında “böyük ticarət” vədi verib.
AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında Pasxa bayramı münasibətilə elan olunan müvəqqəti atəşkəsi alqışlayaraq, iki ölkəyə razılıq əldə etmələri halında “böyük ticarət” təklif edib.
Truth Social platformasında paylaşım edən Tramp, “Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Bundan sonra hər ikisi ABŞ-la böyük iş görməyə başlayacaq və sərvət qazanacaq” – sözlərini qeyd edib.
Tramp daha sonra başqa bir paylaşımında isə uğurlu danışıqların təməlində gücün dayandığını vurğulayaraq, “Danışıqların və uğurun qızıl qaydası: Qızılı olan, qaydaları qoyur. Təşəkkür edirəm” - deyə bildirib.
ABŞ lideri eyni zamanda ölkənin ticarət siyasətinə görə onu tənqid edən iş adamlarına da cavab verib və özünü “Amerika kapitalizminin ən böyük dostu” adlandırıb.
Qeyd edək ki, Trampın bu cür paylaşımları onun Ukrayna-Rusiya münaqişəsində öz diplomatik mövqeyini gücləndirməyə çalışdığı və iqtisadi əməkdaşlıq vədləri ilə tərəfləri barışa təşviq etdiyi kimi dəyərləndirilir.