BAKI, AzerVoice
İsrailin paytaxtı Təl-Əvivin mərkəzində minlərlə insanın iştirakı ilə, Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların azad olunması ilə bağlı etiraz aksiyası keçirilib.
AzerVoice xəbər verir ki, aksiyada etirazçılar İsrailin Baş naziri Benyamin Netanyahudan, hələ də girovluqda olan 59 nəfərin geri qaytarılması üçün qəti addım atmasını istəyiblər. Fevral ayında azad edilən keçmiş girov Omer Şim Tov aksiyada çıxış edərək Netanyahunu bu məsələdə cəsarətli qərar verməyə çağırdı və əlavə etdi ki, əgər bu, müharibənin bitməsi deməkdirsə, müharibə bitməlidir.
İsrailin rəsmi məlumatlarına görə, hazırda Qəzzada 24 nəfər girov sağdır, 35 nəfərin isə meyiti HƏMAS-ın nəzarətindədir. HƏMAS, son girovun azad olunmasından sonra müharibənin dayandırılması və İsrail ordusunun tam şəkildə Qəzzadan çıxması üçün zəmanət istəyir. İsrail isə bu şərtləri rədd edərək, HƏMAS-ı ləğv etmək və Qəzzanın bəzi hissələrində hərbi varlığını davam etdirmək niyyətindədir.
Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı görünməmiş hücumundan sonra Qəzza zolağında genişmiqyaslı müharibəyə başladı. Fələstin Səhiyyə Nazirliyi isə bazar günü səhərədək, yəni martın 18-dən bəri İsrailin hava zərbələri və hərbi əməliyyatlarının bərpasından sonra Qəzzada azı 1574 fələstinlinin öldüyünü açıqlayıb. Beləliklə, müharibə başlayandan bəri Qəzzada öldürülən fələstinlilərin ümumi sayı 50 944 nəfərə çatıb.