BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp, Maliyyə naziri Skott Bessent və Ticarət naziri Hovard Lyutnik ilə apardığı danışıqlardan sonra gömrük rüsumlarının dayandırılması barədə qərar qəbul edib.
AzerVoice xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) jurnalı məlumat yayıb.
Məlumata görə, hər iki nazir Trampı tarif siyasətindən çəkinməyə inandırmağa çalışıb. Lakin Trampın ticarət üzrə müşaviri Piter Navarro rüsumların qüvvədə saxlanmasının tərəfdarı olub.
Tramp bu söhbətlərdən sonra bəzi tariflərin dayandırıldığını rəsmi şəkildə açıqlayıb.
Aprelin 2-də qüvvəyə minən bir neçə gömrük rüsumu ABŞ fond bazarlarında kəskin enişə səbəb olub, bu da Ağ Evdə ciddi narahatlığa yol açıb. Hökumət daxilində fərqli mövqelər müşahidə olunur və Piter Navarronun Tramp və nazirlər arasında keçirilən müzakirələrdən xəbərsiz olduğu bildirilib.
Xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkə və ərazidən gətirilən məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Rusiya bu siyahıya daxil edilməyib. 10 faizlik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bununla yanaşı, aprelin 9-da Tramp bir sıra ölkə və ərazilərə qarşı tətbiq olunan əlavə idxal rüsumlarının 90 gün müddətinə dayandırıldığını bildirib. Ağ Ev bu fasiləni ticarət danışıqları ilə əlaqələndirib və həmin dövr ərzində 10 faizlik universal tarifin qüvvədə qalacağını bildirib.