Əsas səhifə » Cənubi Koreya ABŞ-a qarçı cavab rüsumları tətbiq etməyəcək

Cənubi Koreya ABŞ-a qarçı cavab rüsumları tətbiq etməyəcək

BAKI, AzerVoice

Cənubi Koreya ABŞ-a qarşı cavab olaraq gömrük rüsumları tətbiq etməyəcək.

AzerVoice xəbər verir ki, bu barədə Cənubi Koreyanın baş nazir səlahiyyətlərini icra edən Han Dok Su məlumat verib.

Məlumata görə, bu qərarın səbəblərindən biri ötən əsrdə ABŞ-ın ölkəyə göstərdiyi yardıma görə minnətdarlıq hissidir.

Onun sözlərinə görə, Koreya müharibəsindən sonra ABŞ-ın göstərdiyi texnologiya transferi, sərmayələr və təhlükəsizlik zəmanətləri kimi yardımlar ölkədə xarici sərmayə üçün cəlbedici mühitin yaradılmasına kömək edib.

“Sənayedəki nailiyyətlərimiz, maliyyə inkişafımız, mədəniyyətimiz, artım və var-dövlətimizin bir çoxu ABŞ-ın göstərdiyi yardımlar sayəsində mümkün olub” - deyə Han Dok Su qeyd edib.

O bildirib ki, Cənubi Koreya hökuməti məsələyə qarşı çıxmaq əvəzinə danışıqlar yolu ilə qarşılıqlı faydalı bir həll tapmağa çalışacaq. O, etiraf edib ki, bəzi sahələr müəyyən çətinliklərlə üzləşə bilər, lakin ikitərəfli ticarətdə daha geniş liberallaşma koreyalıların rifah səviyyəsinin artmasına səbəb olacaq.

Xatırladaq ki, aprelin 8-də Han Dok Su ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Baş nazirin ofisinin məlumatına görə, tərəflər ikitərəfli ticarət balansını müzakirə ediblər. Tramp isə nəhəng və qeyri-sabit ticarət profisiti məsələsinə toxunduğunu bildirib. Ötən il Cənubi Koreyanın ABŞ-a ixrac etdiyi məhsulların dəyəri idxal etdiklərindən 55,7 milyard dollar çox olub. Həmin vaxt Han Dok Su qeyd edib ki, dostluq bəzən qarşılıqlı şəkildə iqtisadi və maliyyə sahələrində kompensasiya olunmalıdır.

Həmçinin xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkə və ərazidən gətirilən məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Rusiya bu siyahıya daxil edilməyib. 10 faizlik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bununla yanaşı, aprelin 9-da Tramp bir sıra ölkə və ərazilərə qarşı tətbiq olunan əlavə idxal rüsumlarının 90 gün müddətinə dayandırıldığını bildirib. Ağ Ev bu fasiləni ticarət danışıqları ilə əlaqələndirib və həmin dövr ərzində 10 faizlik universal tarifin qüvvədə qalacağını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice