Əsas səhifə » Vizası ləğv edilən tələbələr deportasiya təhlükəsi ilə üz-üzədir

Vizası ləğv edilən tələbələr deportasiya təhlükəsi ilə üz-üzədir

BAKI, AzerVoice

ABŞ-da Fələstinə dəstək verən 1000-dən çox əcnəbi tələbənin vizası ləğv edilib

AzerVoice xəbər verir ki, ABŞ-da Fələstin tərəfdarı nümayişlərdə iştirak edən 1000-dən çox əcnəbi tələbənin vizası və yaşayış icazəsi Tramp administrasiyası tərəfindən ləğv edilib.

Associated Press agentliyinin 160 universitetə əsaslanan məlumatına görə, bu qərar tələbələr arasında ciddi narahatlıq yaradıb.

Vizası ləğv edilən tələbələrin əksəriyyəti İsrailin Qəzzaya hərbi əməliyyatlarına qarşı etiraz edən xarici vətəndaşlardır. Onlar arasında Hindistan, Çin və Yaxın Şərq ölkələrindən olan tələbələr də var.

Vizaların ləğv olunması barədə məlumat tələbələrə əsasən e-poçt vasitəsilə göndərilib. Deportasiya riski ilə üzləşən bəzi tələbələr artıq Tramp administrasiyasına qarşı məhkəmə iddiaları qaldırıblar.

Dartmut Kollecinin doktorantı Syaotian Liu və Montana Dövlət Universitetinin iki tələbəsinin hüquqi statusları müvəqqəti məhkəmə qərarı ilə bərpa edilib.

ABŞ Dövlət Katibi Marko Rubio martın 27-də bildirib ki, “Həması dəstəklədiyi” iddia edilən azı 300 tələbənin vizası ləğv olunub.

Yanvarın sonunda Trampın imzaladığı və “antisemitizmlə mübarizə” mövzusunda olan sərəncam, Fələstin tərəfdarı etirazlarda iştirak edən tələbələrin hüquqi vəziyyətinə təsir edən əsas sənəd hesab olunur.

Fələstinli fəal və Kolumbiya Universitetinin məzunu Mahmud Xəlilin də daha əvvəl saxlanıldığı bildirilir. Massaçusetsdə təhsil alan türkiyəli doktorant Rümeysa Öztürk isə martın 25-də iftara gedərkən mülki geyimli İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, ABŞ universitetlərində son aylarda Fələstinə dəstək aksiyaları geniş vüsət alıb. Bu fonda əcnəbi tələbələrə qarşı sərt tədbirlərin görülməsi ölkədə və beynəlxalq aləmdə ciddi tənqidlərə səbəb olub.

Digər Kateqoriyalar

2025 © Azervoice