BAKI, AzerVoice
Parisdə Ukrayna üzrə keçirilən yüksək səviyyəli danışıqlarda
sülhə dair qərarın taleyi bir neçə gün ərzində məlum olacaq.
AzerVoice xəbər verir ki, Parisdə
Ukrayna ilə bağlı keçirilən yüksək səviyyəli danışıqlardan sonra
ABŞ dövlət katibi Marko Rubio münaqişənin qısa müddətdə siyasi
yolla həllinin mümkün olub-olmayacağına dair qərarın bir neçə gün
ərzində veriləcəyini bildirib.
Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi görüşdən sonra Le Bourget hava limanında jurnalistlərə açıqlama verən Rubio, “Əgər yaxın günlərdə razılaşma mümkün olmazsa, yolumuza davam edəcəyik” – deyə bildirib.
Rubio qeyd edib ki, Avropa ölkələri görüşlərdə “son dərəcə konstruktiv” mövqe nümayiş etdiriblər və onların gələcək danışıqlarda da fəal iştirakını arzuladıqlarını söyləyib. Fransız rəsmilər Paris görüşlərini “mükəmməl” adlandıraraq, növbəti raundun gələn həftə Londonda keçiriləcəyini açıqlayıblar.
ABŞ dövlət katibi, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını vurğulayaraq, “Gələcək bir il ərzində minlərlə insanın həyatını itirməsinin qarşısını almağa çalışırıq” – deyə bildirib.
Rubio onu da əlavə edib ki, ABŞ üç ildir Ukraynaya dəstək verir, lakin bu münaqişənin birbaşa tərəfi deyil. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşdüyünü və Ukraynaya barışıq üçün təklif təqdim olunduğunu qeyd edib.
Rubio Avropa ölkələrinin Rusiyaya tətbiq edilən sanksiyaları nəzərdən keçirmələrini gözlədiyini bildirib. “Bu hadisə Avropa qitəsində baş verir. Avropalıların buna önəm verməsi tamamilə aydındır” – deyə vurğulayıb.
Makron isə danışıqlar barədə “Hər kəs davamlı və möhkəm sülh istəyir. Sual yalnız mərhələliliklə bağlıdır” – deyə açıqlama verib.
Qeyd edək ki, The Guardian və Le Monde kimi nüfuzlu nəşrlər, ABŞ, Avropa və Ukrayna rəsmilərinin növbəti görüş üçün Londonda toplanacağını yazıb. Ukrayna Baş Qərargah rəisi Andriy Yermak isə görüşdən sonra sülhə doğru atılacaq növbəti addımlarda tam atəşkəs, çoxmillətli hərbi qüvvələrin iştirakı və effektiv təhlükəsizlik arxitekturası məsələlərinin müzakirə olunduğunu bildirib.