Əsas səhifə » ABŞ-la danışıqların davamı Vaşinqtonun mövqeyindən asılıdır - İran

ABŞ-la danışıqların davamı Vaşinqtonun mövqeyindən asılıdır - İran

BAKI, AzerVoice

ABŞ-ın danışıqlardakı tələbləri ilə bağlı ziddiyyətli bəyanatlar eşidirik.

AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi ABŞ ilə dolayı danışıqların ikinci mərhələsi ərəfəsində verdiyi açıqlamada Vaşinqtonun mövqeyində ardıcıllığın olmadığını bildirib.

Arakçi, Rusiyada prezident Vladimir Putinlə keçirdiyi görüşdən sonra İran dövlət televiziyasına açıqlamasında ABŞ tərəfinin ziddiyyətli mesajlar verdiyini deyib və Romada keçiriləcək görüşlərdə qarşı tərəfin tutumuna əsasən danışıqların davam etdirilib-etdirilməyəcəyinə qərar verəcəklərini qeyd edib.

Nazir əlavə edib ki, danışıqlarda vasitəçi kimi çıxış edən ölkə hələ də Omandır, Roma isə yalnız danışıqların texniki olaraq keçiriləcəyi yerdir.

Arakçi ABŞ Prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun nüvə proqramı ilə bağlı ziddiyyətli açıqlamalarına da münasibət bildirib. “ABŞ-dan bir-birinə zidd bəyanatlar eşidirik. Bizim danışıqlardakı tələblərimiz aydındır və yalnız ciddi və sabit mövqe ilə bu prosesdə irəliləyiş mümkün olacaq” – deyə o bildirib.

Arakçi əlavə edib ki, İranın uranı zənginləşdirmək hüququ danışıqlara açıq deyil, lakin nüvə proqramı ilə bağlı narahatlıqların azaldılması istiqamətində təkliflərə açıqdırlar.

Qeyd edək ki, ABŞ-İran arasında dolayı nüvə danışıqlarının birinci mərhələsi aprelin 12-də Omanda keçirilib və tərəflər bu prosesi "konstruktiv" olaraq qiymətləndirib. Növbəti raund aprelin 19-da Romada planlaşdırılır. ABŞ Prezidenti Donald Tramp ötən ay İran liderinə birbaşa danışıqlar üçün məktub göndərmiş, İran isə bu məktuba Omanın vasitəçiliyi ilə cavab vermişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice