Əsas səhifə » Trampın vizaya yeni şərti - Qəzza paylaşımı olanlar araşdırılacaq

Trampın vizaya yeni şərti - Qəzza paylaşımı olanlar araşdırılacaq

BAKI, AzerVoice

Tramp administrasiyası Qəzza səfəri etmiş viza müraciətçilərinin sosial media hesablarının araşdırılmasını əmr edib.

AzerVoice xəbər verir ki, Reuters-in əldə etdiyi sənədə əsasən, ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinə verilən təlimatla, 2007-ci il yanvarın 1-dən sonra Qəzza zolağına səfər etmiş şəxslərin sosial media fəaliyyətləri viza qiymətləndirməsi zamanı yoxlanılmalıdır.

Britaniya mediasının yaydığı məlumata görə, bu təlimat ABŞ vizası üçün müraciət edən və Qəzza ilə əlaqəli paylaşımlar edən hər kəsi əhatə edir. Sənəddə qeyd olunub ki, araşdırmalara diplomatik missiyalar, qeyri-hökumət təşkilatlarının əməkdaşları və digər vətəndaş cəmiyyəti nümayəndələri də daxil edilib.

Təlimata əsasən, viza müraciətçilərinin sosial media hesabları Qəzza ilə bağlı paylaşım edib-etmədiklərinə görə yoxlanmalı, həmin şəxslərin bu mövzuda aktivlikləri müəyyənləşdirilməlidir.

Bu göstəriş, hazırda ABŞ universitetlərində Fələstinlə həmrəyliyə görə saxlanılan tələbələrlə bağlı gərgin müzakirələrin fonunda gündəmə gəlib. İnsan haqları təşkilatları bu addımı söz azadlığına və şəxsi məlumatların məxfiliyinə müdaxilə kimi qiymətləndirərək sərt şəkildə tənqid ediblər.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda antisemitizmi təşviq edən və ya yəhudi icmasına qarşı zorakılıq çağırışı edən şəxslərin sosial media fəaliyyəti əsasında immiqrasiya hüququndan məhrum edilə biləcəyi bildirilib.

Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə miqrasiya və təhlükəsizlik sahəsində atdığı sərt addımlar tez-tez tənqid obyektinə çevrilib. Bu son göstəriş də, ABŞ-ın immiqrasiya siyasətində ideoloji yönümlü yanaşmaların yeni nümunəsi kimi dəyərləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice