BAKI, AzerVoic
Qəzzada İsrailin hava hücumu nəticəsində fələstinli fotojurnalist Fatimə Hassona həlak olub.
AzerVoice xəbər verir ki, İsrailin Qəzzaya endirdiyi son hava zərbələri nəticəsində tanınmış fələstinli fotojurnalist, 25 yaşlı Fatimə Hassona ailə üzvləri ilə birlikdə həyatını itirib.
Fatimə Hassona Qəzzada dinc əhaliyə qarşı törədilən hücumları sənədləşdirən fotoşəkilləri ilə tanınırdı. Rejissor Sepideh Farsinin məlumatına görə, Hassona hücum zamanı ailəsi ilə evdə olub və bir çox yaxınları ilə birgə öldürülüb.
Hassona ölümündən bir neçə gün əvvəl, çəkilişlərində iştirak etdiyi sənədli filmin Fransanın Kann Film Festivalında müstəqil “ACID” seçiminə qəbul edildiyini öyrənmişdi. Rejissorun sözlərinə görə, film 2023-cü ilin oktyabr ayından bəri jurnalistlə aparılan yazışmalara əsaslanır və Qəzzədə baş verən dəhşətləri Hassonanın gözü ilə təqdim edir.
Qeyd edək ki, BMT-nin məlumatına əsasən, Qəzzada indiyədək xidməti vəzifələrini yerinə yetirərkən və ya evlərində olan zaman azı 209 jurnalist öldürülüb. UNRWA rəhbəri Filip Lazzarini, “Fələstinli jurnalistlər qəhrəmancasına işləməyə davam edir və ağır bədəl ödəyirlər” - deyə bildirib.