Əsas səhifə » Türkiyə və İraqdan PKK-ya qarşı sinxron təzyiq

Türkiyə və İraqdan PKK-ya qarşı sinxron təzyiq

BAKI, AzerVoice

İraq sərhəddə PKK-ya qarşı daha bir divar inşa edir.

AzerVoice xəbər verir ki, Türkiyə və İraq arasında artan əməkdaşlıq nəticəsində PKK terror təşkilatına qarşı təzyiqlər gücləndirilib.

Şimali İraqda illərlə möhkəmlənmiş separatçı qruplar həm Türkiyənin “Pençe-Kilit” əməliyyatları, həm də İraqın sərhəddə yeni divarlar və nəzarət məntəqələri qurması ilə sıxışdırılır.

İraqın Türkiyə ilə sərhəd bölgələrində təhlükəsizlik tədbirləri artırılıb. İraq artıq PKK-nı özünün daxili təhlükəsinə çevrilmiş əsas təhdid kimi dəyərləndirir. Bu səbəbdən əvvəllər boş buraxılan sərhəd ərazilərində ciddi infrastruktur qurulur.

Belə ki, Türkiyə tərəfi İraqın PKK-nın Suriyadakı varlığını da aradan qaldırmaq cəhdlərini dəstəkləyir və bölgədə təhlükə aradan qalxdıqdan sonra çəkiləcəyini bildirir. Hazırda PKK-nın xüsusilə Qara bölgəsindəki sığınacaqları və infrastrukturu hədəfə alınır.

Bundan əlavə, region üçün həyati əhəmiyyət daşıyan “İnkişaf Yolu” layihəsinin təhlükəsizlik çərçivəsində tamamlanması zəruri hesab olunur. Bu layihə enerji və nəqliyyat xətlərini Qətərdən Avropaya birləşdirərək geniş coğrafi əhəmiyyətə malik olacaq.

Qeyd edək ki, PKK-ya qarşı bu ortaq mövqenin nəticəsi olaraq Türkiyə-İraq Ortaq Planlaşdırma Qrupunun ikinci iclası Bağdadda keçirilib. Görüşdə türkmən icmasının hüquq və rifahının qorunması məsələsi də müzakirə olunub.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvətini qəbul edib və may ayında keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice