BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Çinlə ticarət sazişi bağlaya biləcəyinə əmindir.
AzerVoice-un məlumatına görə, o, bu barədə Ağ Evdə İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz razılaşma bağlayacağıq, razılaşma olacaq. Düşünürəm ki, Çinlə çox yaxşı bir razılaşma əldə edəcəyik" – deyə, Tramp bildirib.
ABŞ-ın tətbiq etdiyi rüsumların amerikalı müttəfiqləri Çinlə yaxınlaşmağa vadar edə biləcəyindən narahat olub-olmadığına dair suala isə Ağ Evin rəhbəri mənfi cavab verib.
"Heç kim bizimlə rəqabət apara bilməz" – deyə, o əlavə edib.
Xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkə və ərazidən gətirilən məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Rusiya bu siyahıya daxil edilməyib. 10 faizlik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bununla yanaşı, aprelin 9-da Tramp bir sıra ölkə və ərazilərə qarşı tətbiq olunan əlavə idxal rüsumlarının 90 gün müddətinə dayandırıldığını bildirib. Ağ Ev bu fasiləni ticarət danışıqları ilə əlaqələndirib və həmin dövr ərzində 10 faizlik universal tarifin qüvvədə qalacağını bildirib.
Eyni zamanda ABŞ Prezidenti Çin məhsullarına tətbiq olunan tarifləri 125 faizədək artırıb. Bundan əvvəl isə Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərmədikləri iddiası ilə 20 faizlik tarif tətbiq olunmuşdu. Nəticədə Çin məhsullarına tətbiq edilən ümumi rüsum 145 faizə çatıb. ABŞ administrasiyasının addımlarına cavab olaraq Çin aprelin 12-dən etibarən ABŞ-dan gətirilən məhsullara tətbiq etdiyi tarifləri 84 faizdən 125 faizə yüksəldib.