BAKI, AzerVoice
Kiyev və Vaşinqton bu gün onlayn görüş çərçivəsində faydalı qazıntılarla bağlı saziş üzrə niyyət protokolunu imzalaya bilər.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat brifinqində bildirib.
“Hazırda komandamız Amerika komandası ilə birgə onlayn rejimdə faydalı qazıntılarla bağlı niyyət protokolu üzərində işləyir. Söhbət sazişin özündən yox, niyyət protokolundan gedir və bu gün onlayn olaraq imzalanması mümkündür” – deyə o, çıxışında bildirib.
Qeyd edək ki, fevralın 28-də Ağ Evdə Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yaşanan mübahisə səbəbindən bu sazişin imzalanmamışdı.
Martın 27-də Kiyev ABŞ-dan sənədin yeni versiyasını aldığını açıqlamışdı. Yeni sənədə görə:
- Kiyev 120 milyard dolları aşan yardımı kompensasiya etməlidir
- Ukraynanın bərpası üçün yaradılacaq investisiya fonduna ABŞ tam nəzarət edəcək
- Bu fonda faydalı qazıntılardan gələn gəlirlərdən və rüsumlardan ödənişlər yönləndiriləcək
Bu dəyişikliklərdən sonra Ukrayna rəsmiləri dəfələrlə bəyan ediblər ki, hələ də sənəd üzərində öz mövqelərini formalaşdırırlar, Zelenski isə Vaşinqtonun şərtləri dəyişdirməsindən narazılığını bildirib.