BAKI, AzerVoice
ABŞ, "Ənsar Allah" Husi hərəkatına maliyyə dəstəyi verdiyi səbəbilə Yəmən Beynəlxalq Bankını və onun bəzi rəhbər şəxslərini sanksiya siyahısına daxil edib.
AzerVoice xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin verdiyi açıqlamada deyilir.
Açıqlamada bildirilib ki, bu addım, İran tərəfindən dəstəklənən Husi silahlı birləşmələrinin Qırmızı dənizdə beynəlxalq ticarət gəmilərinə hücumlarının qarşısını almaq və qlobal ticarət üçün strateji su yollarını qorumaq məqsədi ilə atılıb.
Açıqlamaya əsasən, sanksiyaya məruz qalan şəxslər bunlardır:
Kamal Hüseyn əl-Cəbri
Əhməd Sabit Numan əl-Əbsi
Əbdülqədir Əli Bəzara
Bu şəxslərin Beynəlxalq Yəmən Bankında yüksək vəzifələrdə çalışdıqları və Husilərlə maliyyə əlaqələrinin təsbit edildiyi qeyd olunub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trump, vəzifəyə gəldikdən sonra Husiləri yenidən xarici terror təşkilatları siyahısına əlavə etmişdi.
Husilər martın 7-də İsrailə Qəzzaya humanitar yardımların girişinə icazə verməsi üçün dörd gün möhlət verdiklərini bildirmiş, əks halda dəniz əməliyyatlarına başlayacaqlarını bəyan etmişdilər.
Martın 15-də isə Tramp Husilərə qarşı ordusuna genişmiqyaslı hücum əmri verdiyini bildirmişdi.
Husi lideri Əbdülmalik əl-Husi isə öz növbəsində ABŞ-a məxsus təyyarə və hərbi gəmilərin hədəf alınacağını, ABŞ hücumlarını davam etdirdikcə dəniz ticarətinin qarşısını almaq üçün tədbirlərini genişləndirəcəklərini bəyan edib.